Cəzası azaldılan şəhid atası Prezidentə və 7 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyinə təşəkkür etdi

Prezident İlham Əliyevin mayın 27-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamla ümumilikdə 213 nəfər əfv edilib.

Belə ki, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 167 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 1 şəxs ömürlük azadlıqdan məhrumetmə cəzasından azad olunub, 36 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Eləcə də azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 3 nəfər cəzadan azad edilib, eyni zamanda azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 6 nəfər cəzalarının çəkilməmiş hissəsindən azad olunublar.

Cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılanlardan biri də 7 saylı Cəzaçəkmə Müəssisəsinin məhkumu, Şuşa uğrunda gedən döyüşlərdə şəhid olan və ölkə başçısı tərəfindən 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətə görə, “Vətən Uğrunda” medalı, “Füzulinin alınmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilən Mütalib Xudiyevin atası Ələsgər Xudiyevdir.

Ələsgər Xudiyev cəzasının yarıyadək endirilməsinə görə çox sevindiyini söyləyib:

“Cənab prezident İlham Əliyev başda olmaqla, ədliyyə naziri cənab Fikrət Məmmədova və məhkum olmağıma baxmayaraq, ilk gündən mənə xüsusi qayğı, diqqət göstərən 7 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi, ədliyyə polkovnik-leytenantı cənab Rasim Bayramova, ədiliyyə mayoru cənab Kənan Orucova təşəkkür edirəm. Bura gəldiyim gündən etibarən müəssisə rəhbərliyinin diqqətini hər zaman hiss etmişəm. Ailə üzvlərim görüşümə gələn zaman müəssisə kollektivi tərəfindən yüksək qayğı və diqqətlə qarşılanırlar.

Mən törətdiyim cinayət əməlinə görə 13 il 6 ay azadlıqdan məhrum edilmişəm. Birinci məhkumluğumdur və cəzamın bitməsinə 6 il 1 ay qalmışdı. Cənab Prezidentin imzaladığı əfv sərəncamı sayəsində cəzam 3 il 12 gün azaldıldı. Bu gün keçirdiyim sevinc hissini sözlə ifadə etməyim çətindir. Oğlum Mütaliblə birlikdə bütün şəhidlər haqqında söylənən xoş sözlərə görə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Tərbiyə işinin təşkili idarəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Ələkbər Mirzəyevə də minnətdarlığımı bildirmək istəyirəm. Şəhid ailələri dövlətimiz tərəfindən hər zaman xüsusi qayğı və diqqətlə əhatə olunub. Bu gün buna bir daha şahid oldum.

Mən bütün məhbuslara azadlıq arzulayıram. Azadlığa çıxan zaman ilk olaraq qəhrəman oğlumun məzarını ziyarət edəcəyəm. Bundan sonra digər ailə üzvlərimlə görüşəcəyəm. Bir daha humanist addımı ilə bizə bu sevinci yaşadan cənab Prezidentə təşəkkür edirəm”.

Aysel Yusifqızı, Sonxeber.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest