“Bu, demək olar ki, Üçüncü dünya müharibəsidir” – Polşanın Ukraynaya ərazi iddiaları ilə bağlı AÇIQLAMA

Beynəlxalq münasibətlərə və diplomatiyaya ağır zərbə vuran Rusiya-Ukrayna müharibəsindən hər kəs öz xeyri üçün yararlanmağa çalışır. Təəssüf ki, müharibənin qurbanına çevrilən Ukraynadan hərə bir şey qopartmaq istəyir.  Belə ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Polşa “sülhməramlıları”nın Ukraynanın qərb vilayətlərini nəzarətə götürmək üçün həmin ərazilərə daxil olmaq istəklərindən danışıb. Onun sözlərinə görə, bu planları Varşava Vaşinqtonla birlikdə hazırlayır. Polşa rəhbərliyi yaranmış vəziyyətdən istifadə edərək vaxtilə ölkəyə məxsus olan ərazilərə nəzarəti ələ keçirmək niyyətindədir.

Həqiqətən də Polşa belə bir çətin vəziyyətdən öz xeyri üçün istifadə edə bilərmi? Bu məsələyə NATO-nun münasibəti necə olacaq?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını politoloq Zaur Məmmədov cavablandırıb. O bildirib ki, hazırda Rusiya ilə Ukrayna müharibəsi fonunda böyük informasiya müharibəsi aparılır: “Ukrayna ərazi bütövlüyü uğrunda mübarizə aparır və sərhədlərini qorumaq üçün əlindən gələni edir. Yeri gəlmişkən, dünən Azərbaycan Prezidenti İlham Əliyev bir daha Ukraynaya dəstəyini ifadə etdi. Təbii ki, müharibəyə hər bir dövlət öz prizmasından baxır. Təəssüf ki, yaşanan faciələrin fonunda bəzi dövlətlərin öz maraqları uğruna vəziyyətdən maksimum istifadə etmək istəklərinə şahid oluruq. Lakin Polşa bir çox dövlətlərdən fərqli olaraq hələlik Ukraynanın ərazi bütövlüyünü pozmayıb və rəsmi Kiyevə qarşı olan ərazi iddiasını rəsmi şəkildə bəyan etməyib. Əgər Rusiyanın Polşaya və ya digər dövlətə qarşı belə bir iddiaları varsa əvvəlcə özünə baxmalıdır. Rus əsgərlərinin hansı ərzailərdə olması bunu açıqca ortaya qoyur. Kiyev və Moskva arasında danışıqlar davm etməkdədir. Bu danışıqların sülhlə nəticələnəcəyinə dair ümidlər çoxdur. Çünki bu, demək olar ki, Üçüncü dünya müharibəsidir. Dünyada iqtisadi böhran və ərzaq qıtlığı getdikcə daha da dərinləşir. Belə bir məqamda sülh razılığı hər kəs üçün çox vacibdir. Hadisələrin fonunda biz beynəlxalq hüquqda  ərazi bütövlüyünün ən vacib amil olduğunu bir daha gördük”.

Zaur Məmmədov

Politoloqun fikrincə, Polşanın Ukrayna ərazisində sülhməramlı qüvvələr yerləşdirməsi növbəti mərhələdə danışıqlardan asılı olacaq: “Hazırda Kiyev bu barədə heç bir açıqlama vermir. Lakin əgər rəsmi Kiyev istəyərsə belə bir qərar qəbul edə bilər. Zelenskinin hakimiyyəti legitimdir. O lazım bilərsə istənilən dövlətlə bu və ya digər məsələ ilə bağlı razılıq əldə edə bilər. Tərəflər arasında razılıq olarsa NATO bu məsələyə etiraz etməz”.

Şəbnəm Mehdizadə.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest