Bakıda qadın sürücüyə əl işarəsi göstərəni qovub tutdular, maşından düşürüb… – TƏFƏRRÜAT

Bakı şəhər Qaradağ rayon Məhkəməsində Sədərək Ticarət Mərkəzinin ərazisində dava-dalaş salmış Sumqayıt şəhər sakini, 1992-ci il təvəllüdlü Dadaş Abdullayev (şərti soyadlı) barəsində Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq – ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddəsi ilə açılmış iş üzrə məhkəmə prosesi başa çatıb.
Hakim İslam Həsənovun sədrliyi ilə keçirilən məhkəmədə Dadaş Abdullayevin qeyd edilən maddə ilə deyil, daha yüngül, yəni 221.1-ci maddə üzrə təqsirləndirilməsinə və bu maddənin sanksiyası üzrə cəzalandırılmasına qərar verilib.
Məhkəmədə məlum olub ki, hadisə bu il iyunun 5-də Sədərək ticarət mərkəzində baş verib. Belə ki, Dadaş tanışı Lamiyə Məmmədovanın idarə etdiyi “Renault Duster” markalı avtomobildə olarkən oradan hərəkət edən “Hyundai İX35” markalı digər avtomobilin sürücüsü onlardan yol hərəkəti qaydalarına düzgün əməl etmələrinə işarə edib və maşının salonundan əl hərəkəti ilə nə isə deyib. Bunu görən Dadaş Lamiyədən həmin avtomobili təqib edib saxlamasını tələb edib və işıq işarəsi verərək “Hyundai İX35″i saxlatdırıb. Maşından düşən 29 yaşlı D.Abdullayev digər avtomobilə yaxınlaşaraq sürücü Afiq Məmmədov ilə həmin şəxsin etdiyi əl hərəkətinə görə dava edib və ona zərbələr endirərək xəsarətlər yetirib.
Məhkəmədə ifadə verən zərərçəkən şəxs hadisə vaxtı Dadaş tərəfindən bahalı saatının da sındırıldığını deyib:
“Qardaşı Aqillə birlikdə Meyvəli istiqamətindən ticarət mərkəzinə daxil olduq. Biz baş yol işarəsi olan yol ilə hərəkəti davam etdirdik, bu zaman onun sağ tərəfdən “Renault Duster” markalı avtomobil bizə yol verməli olan halda qarşısımıza çıxıb qəza şəraiti yaratdı. Mən də bu səbəbdən səs siqnalından istifadə edib etirazımı bildirdim. Daha sonra həmin avtomobil məcburi dayandı, mən yoluma yolun sağ hərəkət istiqaməti ilə davam etdim. Bu zaman “Renault” markalı avtomobili idarə edən qadın mənim sol tərəfimə keçdi, sağda bir nəfər cavan oğlan əyləşmişdi. Həmin cavan oğlan müəyyən əl hərəkətləri ilə məndən nə olduğunu soruşurmuş kimi hərəkətlər etdi. Mən də həmin cavan oğlana eyni qaydada cavab verdi. Mən yolumla hərəkət edib bazarın içərisində saat olan dairəyə daxil oldum, sağa döndükdən sonra sol tərəflə yolumla getdim. Dairəni keçən zaman digər avtomobilin arxamca düşüb məndən əl çəkmədiyini gördüm, əlimlə həmin avtomobilə “başınız işləmir” kimi işarə göstərdim. Həmin avtomobili idarə edən qadın isə işıq siqnalı ilə bir neçə dəfə işarə verərək dayanmağımı tələb etdi. Bir qədər irəliyə hərəkət edib yolun sağ kənarında avtomobili saxladım”.
Zərərçəkən şəxs bildirib ki, maaşını saxlayan kimi Lamiyənin yanındakı şəxs aşağı düşərək ona hücum edib: “Sürücünün yanında əyləşmiş cavan üstümə gəlib qapını açdı, hücum edərək mübahisə etməyə başladı, dartaraq düşməyimi tələb etdi. Bu zaman qardaşım avtomobildən düşüb həmin şəxsə yaxınlaşdı ki, həmin şəxsi uzaqlaşdırsın. Mən də yerə düşdüm, bu zaman Dadaş yumruqla zərbələr atmağa başladı. Yumruq zərbələrindən biri baş nahiyəmdən dəydi və yerə yıxıldım. Yerə yıxılan zaman barmağım da əzildi”.
Zərərçəkən şəxs ilkin ifadəsində ona hücum edəbn şəxsin əlində dəmir alətin olduğunu desə də, ifadəsində bunu inkar edib və Dadaşın əlində heç nə olmadığını deyib.
O ifadəsinin sonunda qarşı tərəflə barışdığını və onu bağışladığını qeyd edib.
Məhkəmə təqsirləndirilən şəxsin azadlığının məhdudlaşdırılmasına və təyin olunmuş müddət ərzində elektron nəzarət vasitəsini bədənində gəzdirməsinə qərar verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest