“BakBus” MMC-nin direktorunu nə əsəbiləşdirdi? – “Müdir MƏŞĞULDUR”

İyun ayının 1-dən etibarən paytaxtdakı avtobuslarda kondisionerlər işə düşməliydi. Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat da yaymışdı.

Lakin əksər marşurutlar BNA-nın bu göstərişinə əməl etməkdən yayınırlar. Redaksiyamıza daxil olan şikayətdə də bildirilir ki, son 3 gündə hərarətin kəskin qalxmasına baxmayaraq, avtobuslarda kondisioner işləmir. 

Hövsan qəsəbəsindən bir oxucumuz bizə yazıb ki, 28 metrostansiyasından Hövsan qəsəbəsinə gedən 175 saylı marşrut avtobuslarında kondisionerlər işləmir. İnsanlar ancaq pəncərəni açmaqla təsəlli tapırlar. Sürcülərsə məsələ ilə bağlı ağılabatan izah verə bilmirlər.  

Bundan əlavə paytaxtda “Bakbus”a aid olan 11 və 21 saylı marşrutlarda olan avtobuslarda da kondisionerlərin işləmədiyi haqqında redaksiyamıza şikayətlər daxil olub.

Bizim.Media məsələ ilə bağlı BNA-nın mətbuat katibi Mais Ağayevlə müraciət edib. Mətbuat söxçüsü sualımıza cavab olaraq bildirdi ki, “BNA tənzimləyici orqandır.


Paytaxtda işləyən avtobuslar ayrı-ayrı şirkətlərə məxsusdur. Biz də onlara tövsiyyə etmişik ki, iyunun 1-dən avtobuslarda kondisionerləri qoşsunlar. Təəssüf ki, bu sahədə müəyyən nöqsanlar var. Biz də çalışırıq ki, bu nöqsanlar aradan qaldırılsın”.

Məsələ ilə bağlı “BakBus” MMC-nin sədri Elnur Qarayevlə əlaqə saxladıq. Problemi onun diqqətinə çatdırdıq. Elnur müəlliminsə bizə cavabı çox qəribə oldu.

“Məsələ ilə bağlı mənə niyə zəng eləmisiniz ki? Mətbuatla işləyən işçimizə zəng eləyin. Mən direktoram” – deyib dəstəyi asdı.

Aktuallığını nəzərə alaraq məsələni diqqətdə saxlayacağıq.

Surxay Atakişiyev, Bizim.Media

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest