AzTV sədri korrupsioner olduğunu rəsmən etiraf etdi-İnanılmaz FAKTLAR

Azərbaycan bir başqa qalaktikadır. Ona görə də burada baş verənlərin anoloqu yoxdur. Burada elə əcaib-qəraib hadisələr baş verir ki, 100 münəccim, 100 alim yığışa baş verən hadisənin izahını verə bilməz. Məsələn, Azərbaycan bəlkə də yeganə ölkədir ki, oğru çox zaman “doğru” çıxır. Üstəlik bu oğru digər təmiz, lakin arxası olmayan adamları oğurluqda ittiham edir. Və nəinki, ittiham edir, hələ bir də onu cinayətkar adlandırır. Necə deyərlər:”Oğru elə bağırır ki, doğrunun zəhri yarılır”.

Sübut üçün adi bir nümunə. Deməli, bu ilin aprel-iyun aylarında Hesablama Palatası Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də yoxlama apardı. Yoxlamanın ilk günlərində AzTV-nin həşəmətli başqanı bəyanat verdi, müxtəlif fikirlər səsləndirdi. O fikirlərdən ən yadda qalanı bu oldu ki, “2019-cu maliyyə ilini ziyanla başa vurmuşuq. 2.5 milyon manat borc yaranıb”.

Rövşənin bu iddiasına çox təəssüf ki, müvafiq qurumlardan heç bir reaksiya gəlmədi. Əslində bu da Azərbaycan reallığıdır. Haqq-nahaq nə desən də, danışsan da qarşı tərəfdən heç vaxt reaksiya olmur. Bu isə ona dəlalət edir ki, bizdə məmurlar çox zaman qanunlarla deyil, göstərişlə işləyir. Eynən Rövşən kimi… Bu adam vəzifədə olduğu 3 il müddətində bütün atdığı addımlar qanunlarla deyil ayrı-ayrı adamların, hətta xanımının göstərişləri ilə “tənzimlənib”.

Məhz bu hesaba da onsuz da tamaşaçı sarıdan korluq çəkən AzTV lap bərbad günə qalıb. Nə isə… Gəlin mətləbdən uzaqlaşmayaq.

Deməli, Hesablama Palatasının apardığı təftiş zamanı Rövşən hər yola əl atdı. Gah hədə gəldi, gah minnətçi saldı, gah da ki. məzlum-məzlum oxunacaq hökmü gözlədi.

Nəhayət, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bu günlərdə APA-nın AzTV-dəki yoxlamaların nəticəsi ilə bağlı sualına cavab verdi. Uzun illik təcrübəmə arxalanaraq deyə bilərəm ki, sual-cavabda müəyyən maraqlı məqamlar var idi. Elə bil ki, razılaşdırılmış cavab idi. Yəni Palata sədri hər şey dedi, amma heç nə demədi.  Beləki, açıqlamasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib  ki, audit nəticəsində bəzi maliyyə pozuntuları aşkarlanıb: “Bununla bağlı məsələ Hesablama Palatası Kollegiyasında müzakirə olunub, müvafiq Kollegiya qərarı qəbul edilib. Kollegiya qərarında AzTV rəhbərliyinə bəzi tədbirlərin həyata keçirilməsi tövsiyə olunub, bəziləri haqqında ciddi qərar qəbul olunub. Bunlar, əsasən, televiziyanın inkişafı ilə bağlı institusional məsələlərin həllidir. Maliyyə hesabatlarında bəzi gəlir və xərclərin təhrif olunması nəzərə alınaraq, o hesabatlara yenidən baxılması tövsiyə olunub. Televiziya işçilərinin əməkhaqqı və qonorar sistemi ilə bağlı yol verilmiş bəzi pozuntuların dövlət büdcəsinə bərpası, ümumiyyətlə, əməkhaqqı və qonorar sistemini tənzimləyən yeni sənədin hazırlanmasını tövsiyə etmişik. Bununla yanaşı, QSC-nin gəlirlərinin, xüsusən reklamdan əldə olunan gəlirlərin şəffaflaşması ilə bağlı tədbirlərin görülməsini də Kollegiya qərarında qeyd etmişik”.

Göründüyü kimi Palata sədri xeyli maliyyə pozuntusu və qanunsuzluqlar sadalayıb.Amma sadalanan qanun  və maliyyə pozuntuları sanki Vüqar müəllimin türklər demiş “heç umrunda deyil”. Bu da ondan irəli gəlir ki, Hesablama Palatası üçün bu tip maliyyə pozuntuları və qanunsuzluqlar adi haldır. Çünki, hazırda büdcə ayırmalarının korporativ maraqlar istiqamətində xərclənməsi Azərbaycanın acı və dəhşətli gerçəkliklərindən biridir.Ona görə də AzTV sədrinin bir neçə milyonu mənimsəməsini Gülməmmədov adi hal kimi qarşılayır. Və özünü sığortalamaq üçün də Rövşənə “məcburi ödəniş” kağızı verib. Yəni “yemisən, yaxşı eləmisən. İndi də get ödə”. Vəssəlam.

Vüqar Gülmməmmədovun “razılaşdırılmış” çıxışından sonra Rövşən xeylax ürəkləndi. Və mirzələrinə göstəriş verdi ki, “tez məlumat hazırlayın və yayın”.

AzTV-dən tezbazar yayılan son məlumatda isə deyilir ki, “Hesablama Palatasının üzə çıxardığı pozuntu hallarının 2015-ci ilə aid və indiki dövrə uyğun olmayan maliyyə nizamnaməsinə görədir. Hazırda 2015-ci ilə aid olan və müasir dövrün tələblərinə uyğun gəlməyən maliyyə nizamnaməsinin yenidən işlənilməsi, əməkhaqqı və qonorar sistemini tənzimləyən yeni sənədin hazırlanması, həmçinin struktur islahatlarının aparılması və bir-birini təkrarlayan artıq ştat vahidlərinin ləğv olunması istiqamətində işlər davam etdirilir Eyni zamanda müəyyən postlarda vəzifə dəyişikliyi aparılır”.

Yuxarıda təsadüfən demədik ki, V.Gülməmmədovun açıqlaması “razılaşdırılıb”. Çünki, AzTV-nin yaydığı məlumatda daha çox və ciddi nöqsanlar sadalanır, nəinki, Palata sədrinin başdansovdu açıqlamasında.

Əvvəla, AzTV rəhbərliyi açıq şəkildə etiraf edir ki, AzTV-də maliyyə xərcləri köhnə tarifkasiyalarla aparılıb. Bu isə ciddi qanun pozuntusudur. Üstəlik bu elmlər doktoru olan Rövşənin səbatsızlığının sübutudur. Yəni Rövşən və onun “komandası” qanunları bilmir və heç öyrənmək də həvəsində deyil. 

İkincisi, açıqlamada aydın şəkildə deyilir ki, “AzTV-də bir-birini təkrarlayan ştat vahidləri var”. Bu təkrarlanan ştatdakılar təbii ki, Rövşənin yaxın çevrəsidir. Onlar hər ay 1000-4000 manat arası “qonarar” alır. Bu isə qanun pozuntusu deyil, artıq ÖZBAŞNALIQDIR. Bu özbaşnalığı isə Rövşən yaydığı son açıqlamasında açıq şəkildə etiraf edir.

Üçüncüsü,açıqlamda deyilir ki, “AzTV-də lüzumsuz postlar var”. Bu posta oturanlar da Rövşənin dost-aşnasıdır. Və onların efirə və tamaşaçı auditoriyasına heç bir xidməti yoxdur.

Dördüncüsü, açıqlamada o da deyilir ki, “qonarar və maaşların hesablanmasında pozuntulara yol verilib”. Və bu pozuntu elə yumşaq ifadə olunur ki, Rövşən sanki küçədə gedərkən istəmədən kiminsə qoluna toxunur. Və bu hərəkətə görə gülümsələyərək üz istəyib, keçib gedir. Məsələ AzTV rəhbərliyi üçün bu qədər bəsit və lüzumsuzdur. Baxmayaraq ki, söhbət milyonlardan gedir.

Bu yerdə xatırladaq ki, AzTV-də hər bir işçinin qonarar və maaşını aidiyyatı qurumların rəhbərləri deyil, şəxsən Rövşən özü yazır. Süpürgəçidən tutmuş sədr müavininə qədər kim nə alacağını Rövşən özü müəyyənləşdirir. Bu isə vəzifə səlahiyyətlərini aşmağın ən bariz nümunəsidir.

Bir sözlə, AzTV-nin son açıqlaması bir daha sübut etdi ki, Rövşən və onun yaxın çevrəsi yerində olmayan kadrlardır. O kadrlar ki, hazırladıqları bir açıqlama ilə özlərinin nə qədər bəsit və savadsız olduğunu göstərdi.

Normal cəmiyyətdə AzTV-nin son açıqlamasını istənilən əməkdaş götürüb məhkəməyə təqdim edər. Və bundan sonra “səmimi” etiraflarına görə Rövşən nəinki vəzifəsini itirər, üstəlik cinayət məsuliyytinə cəlb oluna bilər.

Amma neyniyək ki,hələlik dediyimiz o vətəndaş cəmiyyətini qura bilməmişik. Ona görə də rövşənkimilər keyf eləyir.

Bu yerdə bir xatırlatma edim. 2 il qabaq Rövşən 10-dan artıq sürücünü işdən qovdu və onların həbs olunması üçün Səbail rayon Polis İdarəsinə ərizə verdi.İddianın da motivi o idi ki, guya bu sürcülər hər ay 50 manatlıq yanacaq və sürtgü materialı mənimsəyir. Bəli, bəli… 50 manata görə Rövşən 10-dan artıq sürücünü – ailə başçısını işdən qovdu, onların balalarının çörəyi ilə oynadı. Üstəlik, bu sürücülərin həbsinə çalışdı. Amma Rövşənin iddiası sübut olunmadı, Sürücülərə polis toxunmadı. Lakin o zavalıllar işlərinə də qaytarılmadı.

Bax, bizim Rövşən belə oğuldur. 50 manata görə 10-dan artıq kişini ailəsinin yanında utandırdı. Amma özünün yeyib-dağıtdığı milyonlara görə isə heç bir məsuliyyət hiss etmir. Hələ bir açıqlama da verir. Guya ki, “aydan aydındı, sudan duru”. Amma bu açıqlaması ilə o bir daha özünü rüsvay etdi. Nə qədər korrupsiya bataqlığına batdığını rəsmən elan etdi.

Bakuexo.az.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest