“Azəriqaz”ın 7 vəzifəlisinin həbsi ilə bağlı baş direktordan AÇIQLAMA

“Azəriqaz” İstehsalat Birliyində həbslər olması ilə bağlı xəbərlər yayılıb. Məlumata görə, qurumun 7 vəzifəli şəxsi həbs olunub. Saxlanılanlardan  4-nün departament rəisi, 3-nün isə yüksək çinli məsul şəxs olduğu iddia olunur. 

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin rəhbəri Ruslan Əliyev Bizim.Media-nın sorğusuna cavab verib:

“Bir neçə gündür bəzi saytlarda və sosial şəbəkələrdə guya SOCAR “Azəriqaz” İB-nin bir neçə məsul şəxsinin həbsi ilə bağlı məlumatlar yayılır. Əvvəla diqqətinizə çatdırım ki, “Azəriqaz” İB-nin fəaliyyəti göz qabağındadır.
 
Kifayət qədər sosiallaşmış Birliyin bu istiqamətdə əsas məqsədi baş verən proseslərə, problemlərə dərhal və adekvat reaksiya verməkdir ki, bunun da müsbət nəticələri ən müxtəlif səviyyələrdə etiraf olunmaqdadır. Söz yox, insan faktoru olan yerdə yüz faizlik nəticədən danışmaq bütün hallarda absurddur. Ancaq nöqsanların aradan qaldırılması istiqamətində ciddi şəkildə cəhd etdiyimizə sizi əmin edirəm.

İstehsalat Birliyinin qapıları hər zaman media, bloger və QHT nümayəndələrinin, eləcə də sadə vətəndaşların üzünə açıqdır. Yəni istənilən sualın cavabı özünü çox gözlətdirmir. Təəssüf ki, bütün bunlara baxmayaraq yenə də, dəqiqləşdirilməmiş, dedi-qodu motivli informasiyalar dövriyyəyə buraxılır ki, bu da ictimai rəyin çaşdırılmasına xidmət edir”. 

Ruslan Əliyevin sözlərinə görə qurumla bağlı yayılan yalan informasiyalar   “Azəriqaz” İB-nin işgüzar nüfuzuna təsirsiz ötüşmür:

“Biz xidmət sahəsi olaraq ölkədə inhisarçı nüfuza malikik. Amma bu inhisarçılığın mahiyyətində diqtə etmək, korporativ maraqlar əsla dayanmır. Biz xidmətimizi dövlət qurumu olaraq özümüzə borc və vəzifə bilirik. Odur ki, sizdən təvəqqe edirik, şaiyyələrə köklənməyək və yolumuza qarşılıqlı etimad əsasında davam edək”, – deyə qurum rəhbəri qeyd edib.

Alçina Amilqızı, Bizim.Media 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest