Azərbaycanda vəzifəli şəxs iş vaxtı kabinetində döyülüb – FOTO

Füzuli Rayon Mərkəzi Xəstəxanasının əməkdaşı, xəstəxananın katibliyinin bölmə müdiri Vüqar Əliyev döyülüb.

Bu barədə Report-a V.Əliyev özü məlumat verib.

O qeyd edib ki, ötən gün – mayın 5-də saat 16 radələrində üç nəfər şəxs xidməti otağında onu təhqir edərək döyüblər:

“Belə ki, müvafiq əmrlə yaş həddinə görə işdən çıxarılan kənd məntəqəsində feldşer işləyən 72 yaşlı Oktay Əliyevin qohumları buna etiraz ediblər. Onlara izah etdim ki, bu, mənim səlahiyyətimə aid olan məsələ deyil. Müvafiq qanunvericiliklə yaş həddinə görə işinə xitam verilib. Hələ üç il bundan əvvəl onun yaşa görə işdən çıxmalı olsa da, müqavilə əsasında əməkdaşlığımız davam edirdi. TƏBİB artıq əməkdaşlığa ehtiyac görmədiyindən yenidən müqavilə imzalanmadı.

Söyüş söyməyə başladılar və bildirdim ki, xəstəxanada qadınlar var, ayıbdır. Oktay Əliyev oğluna zəng edərək dedi ki, məni burada öldürürlər. Bundan sonra onun oğlu Füzuli rayon sakini Orxan Əliyev və yeznəsi Yasin adlı şəxs içkili halda otağıma gələrək məni təhqir etdi, fiziki zorakılıq göstərərək döydülər. Hətta Orxan məni boğaraq qəsdən öldürməyə cəhd edib. Həkim müayinəsindən də keçmişəm, qulağımda küt travma, boğazaltı nayihənin körpücük sümüyünün əzilməsi diaqnozu qoyulub. Üzərlərində silah da var idi. Hətta xəstəxananın direktoruna da hədə-qorxu gəliblər”.

Zərərçəkən bildirib ki, məsələ ilə əlaqadar aidiyyəti üzrə müraciət edilib, polisə də məlumat verilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı Report-a bildirib ki, məsələ ilə bağlı Füzuli Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest