Azərbaycanda körpəyə Zelenskinin şərəfinə Volodimir adı qoydular – Rəsmi qurum “OLMAZ!” dedi

Azərbaycanda yeni doğulmuş körpəyə Ukrayna Prezidentinin şərəfinə Volodimir adını vermək istəyən valideynlərə “yox” deyilib.

Xəbəri Sumqayıtda yaşayan tanınmış həkim Səxavət Əlisoy verib. O, bildirib ki, körpənin babası onun köhnə dostlarındandır.

Ədliyyə Nazirliyinin yerli VVAQ şöbəsi Volodimir adının milli olmadığını əsas gətirərək, valideynlərdən körpəyə başqa ad seçməyi tələb edib:

“İcazə vermirlər ki, milli ad qoymalısan. Adlarımızın böyük əksəriyyəti ərəb, fars kökənlidir. Ancaq “milli təəssübkeşlər” bu adlara qadağa qoymur.

İndi kimsə deyəcək ki, peyğəmbərin, imamların adlarını yasaqlamaq olmaz.

Mən də deyirəm ki, olar. Nədən ki, Məhəmməd, Əli, Hüseyn, Həsən və digər müqəddəs şəxslərin adlarını daşıyan çox sayda şərəfsiz, əyyaş, oğru, dəyyus göstərmək olar. Bu da o kişilərin ruhunu incidir.

Mən Azərbaycanda Marks, Engels, Marlen, Oktyabr, Kombaynla rastlaşdım. Yəqin ki, sizlər də rastlaşmısınız.

Volodimir adında nə qəbahət var ki? Adam aslan kimi özündən 10 qat güclü ordunun qarşısında dayanıb…

Köhnə dostuma məsləhət gördüm ki, qarşıdurmaya gərək yox, qoy o körpəyə ata-anası bir milli ad versin, sən elə Volodimir deyərsən”, – S.Əlisoy bildirib.

S.Əlisoy deyib ki, o özü də həmin uşağı Volodimir çağıracağına söz verib./Modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest