Azərbaycanda çörəyin bahalaşma səbəbi – ŞOK SƏBƏBLƏRİ

Azərbaycanda ərzaq təhlükəsizliyi məsələsinin strateji hədəf kimi müəyyənləşdirilməsi ideyası Prezident İlham Əliyevə məxsusdur. Hələ dünyanın “düz vaxtında” – 2007-ci ildə Prezident İlham Əliyev ərzaq təhlükəsizliyi və ölkənin taxıl istehlakının daxili imkanlar hesabına təmin edilməsinin əsaslarının yaradılması istiqamətində sərəncamlar imzalayıb.

Məhz o zamandan başlayaraq, fermerlərə dövlət dəstəyi və qayğısı başlayıb, subsidiyalar ayrılıb və ildən ilə bu prosesin təkmilləşdirilməsinin həyata keçirilməsi hədəflənib.

Bəs, niyə Azərbaycan hələ də taxıl idxalından bu qədər asılı vəziyyətdədir? Niyə dövlətin bunca qayğısına baxmayaraq, 15 ilə yaxın zaman keçsə də, bu sahədə əhəmiyyətli irəliləyiş əldə olunmayıb və hazırda dünyada taxılın bahalaşması Azərbaycanda vəziyyətə təsir edir?

Xüsusi bir qeyd verək ki, Çinin dünya taxıl ehtiyatlarının yarısını alaraq, anbarlara doldurmasından sonra ərzaq təhlükəsizliyi bu il xüsusi prioritet sahəyə çevrilib. Bu, koronovirusdan sonra Çinin dünyaya növbəti “sürprizi” də sayıla bilər və bu, tamamilə ayrı yazının mövzusudur.

Ancaq Azərbaycan məhz bu günə hazırlaşmaq üçün illər öncədən strateji hədəf müəyyənləşdirmişdi.

Beləliklə, detallara keçək:

14 il müddətində Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə dövlətin taxıl becərən fermerlərə dəstəyində xeyli dəyişikliklər olub. Hətta qiymətlər qalxdıqca, dövlət fermerlərə subsidiyaları da artırıb və un və çörəyin bahalaşmasına imkan verməyib.

Məsələn, 2015-2016-cı illərdə hər hektar üçün fermerlərə 90 manat subsidiya verilirdisə, 2021-ci ilə bu rəqəm 200 manata qədər qaldırılıb. Üstəlik, yanacağın qalxması ilə bağlı hər hektar üçün əlavə 40 manat da dəstək layihəsi həyata keçirilir və elə problem də burdan başlayır.

2020-2021-ci il mövsümündə Kənd Təsərrüfatı Nazirliyinin qərarına əsasən, 20 hektara qədər sahəsi olan fermerə 200 manat+40 manat (yanacağa görə) subsidiya verilməsinə başlanılıb. Nə qədər qəribə də olsa, yeni “innovativ” qərarla 20 hektardan yuxarı sahəyə malik fermerlərə ilk 20 hektardan sonra hər hektar üçün subsidiya 160+20 (yanacağa görə) manata azaldılıb.

Yeri gəlmişkən, indiki mövsümdən bu limit 10 hektara salınıb, görünür, ərzaq təhlükəsizliyində xeyli arxayınlaşma baş verib – nədənsə…

Bu ayrılan subsidiya da vaxtında verilmir. Azərbaycanda əkin əsasən sentyabrın sonunda başlayır və noyabrın əvvəlinə qədər davam edir. Nazirlik yalnız dekabrın sonunda bəyanları qəbul etdikdən sonra subsidiyanın ayrılması haqda qərarını elan edir və bu qərarın icrası da yalnız yay aylarında mümkün olur.

Başqa sözlə, fermer əkin zamanı dövlətdən heç bir dəstək ala bilmir, yalnız biçində keçmiş xərclərinin bir hissəsini qarşılamaq üçün subsidiya hesabına yerləşdirilir. Bu isə xüsusilə daha az investisiyası olan və yaxud boş əllə əkin-biçinə başlamaq istəyənləri çarəsiz duruma salır. Onlar ya bütövlükdə borca girməli, ya da kredit çəkməlidirlər ki, bu zaman da astarı üzündən baha başa gəlir.

Yeri gəlmişkən, analoji qərar indi də qüvvədədir: əkin prosesi başa çatsa da, fermerlər hələ də subsidiyaları almayıblar.

Subsidiyaların verilməsi məsələsində də formalizmlər var: 10 hektardan artıq əkin sahəsi olanlar aqrosığorta etdirməlidirlər, həmçinin torpağın məhsuldarlığı ilə bağlı laboratoriya analizlərinin cavablarını təqdim etməlidirlər.

Məsələnin ən pis tərəfi isə odur ki, bu il daha bir qərarla bu 10 hektar tələb 5 hektara endirilib. Yəni indi 5 hektardan yuxarı sahəsi olanlar aqrosığorta və laboratoriya analizlərinin sənədlərini təqdim etməlidirlər ki, subsidiya ala bilsinlər, yoxsa subsidiyadan məhrum olurlar.

Bir hektar ərazidən analiz üçün ən azı 2-3 nümunə götürülür, hər nümunə isə 28 manatdır; aqrosığorta isə regionlar üzrə dəyişir (niyəsini yəqin ki, kimsə izah edə bilməz) – 17 manatdır.

Yəni fermer bir hektar üçün təxminən 80-90 manat yalnız sığorta və torpaq analizinə verməldir ki, 200+40 manat (və ya 160+20 manat) subsidiyanı ala bilsin.

İndi isə sahibkarın xərclərini hesablayaq:

– Toxumluq buğda – hazırda ən optimal qiyməti 1,1 manatdır. Bir hektar əraziyə isə ortalama 220 kq toxumluq buğda səpildiyini nəzərə alsaq, bu, 242 manat edir.

– Bir traktor bir hektar ərazini 45 manata şumlayır.

– Bir hektar ərazi 30 manata disklənir.

– Bir hektar ərazi 20 manata malalanır.

– Bir hektara traktor toxumluq buğdanı 25 manata səpir.

Sahibkarın növbəti xərcləri isə gübrələrlə bağlıdır:

– İki il öncəyə qədər şumaltı gübrənin tonu 900 manata olsa da, hazırda 1500 manat civarındadır. Bir hektara isə ən azı 150 kq şumaltı (amafos) gübrə sərf edildiyindən, yalnız buna 225 manat vəsait lazımdır;

– Azot gübrəsi hazırda iki dəfəyə yaxın bahalaşıb və 700 manat olub. Hər hektara 120 manat azot gübrəsi tələb olunur;

– Qurd dərmanı (hektara 10 manat), siçan dərmanı (10 manat), vələmir (15 manat), alaq (8 manat), pas və s. fermer hər hektar üçün 70 manat, üstəlik, bunun səpilməsi və xidmət göstərilməsinə 80 manat xərcləyir – ümumi 150 manat.

Sonra gəlir kombayn:

– Bir hektarın biçilməsi ən azı 50 manat, saman doğraması ilə birgə 65 manat edir.

Beləliklə, yalnız bu saydıqlarımızla bir hektar üçün fermerin xərci 1000 manata yaxınlaşır. Bura azotun 12 manata səpildiyini və sahibkarın əkindən biçinə qədərki xərclərini, əkin-biçin zamanı fəhlələri ilə birgə yemək, nəqliyyat xərclərini də əlavə etsək, hazırda bir hektarda toxumluq buğda istehsalçıya 1100 manata başa gəlir.

Bu vəsaitin yalnız 20 hektara qədər hissəsinin 200+40 manatını, daha sonra isə hər hektara görə 160+20 manatını dövlət qarşılayır. Maraqlıdır ki, sahibkarların sözlərinə görə, traktor 20 hektarın hər hektarına 18 litr yanacaq yandırdığı halda, nədənsə, 20 hektardan sonra hər hektarına 9 litr yandırmır. Əslində isə Kənd Təsərrüfatı Nazirliyinin məntiqinə görə, traktor 20 hektarlıq ərazinin hər hektarına 18 litr civarında yandırmalıdır və buna görə 40 manat verilir, daha sonrakı hektarlarda isə yarıbayarı “qənaətlə” işləməlidir.

Digər tərəfdən, fermerlər siçanlar, qurdların da ilk 20 hektara toplu halda hücum etdiklərini, tam 20 hektardan sonra yorulub əldən düşdükləri üçün, azaldıqlarını və bu səbəbdən də 21-ci hektardakı taxılı daha az yedikləri haqda heç bir bilgiyə sahib deyillər.

Bəs, bunu mütəxəssislər necə hesablayıb?

Ola bilsin ki, daha iri sahibkarların öz xərclərini qarşılamaq imkanlarına görə dəstək fərqləndirilib.

Bu da ağıllı yanaşmadır. Ancaq məsələ burasındadır ki, biçin zamanı fermerlərdən yerindəcə buğda ən yaxşı halda 33 qəpiyə alınır – dəyirmanlar bundan yuxarı pul vermirlər. Böyük sahələri olan fermerlərin isə buğdanı saxlamağa yerləri olmadığından, bu qiymətə razılaşmağa məcburdurlar. 33 qəpikdən buğdanı satan fermer öz xərcini çıxartması üçün bir hektardan ən azı 32-33 sentner məhsul götürməlidir.

33 sentner bir hektardan məhsul götürmək olduqca çətindir və deməli, fermerlər aldıqları subsidiyanın da yarısından çoxunu məhsuldan götürdükləri pulun üzərinə qoyaraq, xərclərini bağlayırlar. Sahibkara məhz o subsidiya hesabına xırda məbləğdə də olsa, gəlir qalır. Kənd Təsərrüfatı Nazirliyi isə 20 hektardan daha çox sahədə əkin aparan sahibkarların subsidiyasını azaltmaqla, onların marağını da öldürür.

Daha bir xüsusi məqam:

Biçin bitdikdən 2-3 ay sonra buğdanın kilosu 50-55 qəpiyə qalxır. Hazırda da buğda 55 qəpiyədir. İri fermerlərdən biçin zamanı 33 qəpiyə buğdanı alıb, 2-3 ay sonra 55 qəpiyə qaldırmaq kimlərə sərf edir?

Əgər fermerin biçdiyi taxılı saxlamaq imkanı yoxdursa, ondan bu qədər sui-istifadə edib, 33 qəpiyə almaq, bir az anbarda saxladıqdan sonra 50-55 qəpiyə satmaq kimin işidir?

Ərzaq təhlükəsizliyi olduqca vacib məsələdir və bunu Prezident İlham Əliyev 15 il öncədən hesablayıb, bu barədə proqramlar irəli sürüb, sərəncamlar verib. Bu zaman ərzində sadəcə, bu prosesi ildən-ilə daha uğurla icra etmək tələb olunurdu.

Məsələn, subsidiyaları vaxtında vermək, fermerləri əkin zamanı traktor və gübrə, biçin zamanı kombaynla dəstəkləmək, biçilən taxılı isə daha baha qiymətə dəyirmanların almasını təşviq etmək, dəyirmanlar bundan imtina etdikdə isə dövlətin özünün o buğdanı, məsələn, 45 qəpiyə alması daha doğru olmazdımı?

İndi dövlət özü buğdanı 50 qəpikdən sata, həm bazara daha ucuz məhsul çıxara, həm fermerləri təşviq edə, həm də bazarda unun bahalaşmasının qarşısını qismən də olsa, ala bilərdi. Ona görə qismən sözünü işlədirik ki, yerli istehsal istehlakı tam ödəmir və ona görə əlbəttə ki, idxal onsuz da bazara təsir edəcək. Ancaq bu cür tədrici, ildən-ilə stimullaşdırma ilə bu sahədə əhəmiyyətli irəliləyişə nail olmaq mümkün idi və mümkündür – hələ heç nə itirilməyib.

Əlbəttə, əgər toxumluq deyil, satılıq buğdanın yerləşdirilməsi və saxlanması üçün anbarlar varsa…Konkret.az.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest