Apteklərdən ucuz dərmanlar niyə “yoxa çıxıb”? – Həkim-radioloqdan AÇIQLAMA

Son dövrlərdə apteklərdə bəzi ucuz dərmanlar “yoxa çıxıb”. Çox ucuz qiymətə aldığımız və faydasını gördüyümüz dərmanların əksəriyyəti heç bir aptekdə tapılmır. Bunun əvəzində isə əhaliyə daha bahalı dərmanlar təklif olunur.

Maraqlıdır, həmin dərmanlar niyə tapılmır? Problemin həlli istiqamətdə hansı işlər görülməlidir?

Mövzu ilə bağlı suallara tibb üzrə ekspert, həkim-radioloq Aydın Əliyev cavablandırıb.

O bildirib ki, əhalinin bahalı dərmanları almağa maddi gücü yoxdur:

“Azərbaycana ucuz dərmanların böyük əksəriyyəti Rusiya, Ukrayna, Belarus və digər keçmiş sovet ölkələrindən gəlir. Rusiya-Ukrayna arasında baş verən müharibə ilə bağlı bu ölkələrdən Azərbaycana dərman gətirilməsində problemlər yaşanır. Aidiyyəti qurumlar bu işlə təcili şəkildə məşğul olmalıdır. Tapılmayan dərmanların ucuz qiymətə apteklərdə satışını təşkil etmək lazımdır. Əhalinin sosial vəziyyəti yaxşı deyil. Belə dərmanların tapılmaması ciddi problemə çevrilib. Bəzi həkimlər də xəstələrə həmin dərmanların alternativlərini yazır. Alternativ dərman isə o dərmanlardan bəzən 10 dəfə baha ola bilir. İnsanların bu dərmanları almaq imkanı olmur”.

Ekspertin fikrincə, Azərbayacan dərman istehsalını genişləndirməlidir:

“Təəssüf ki, ən sadə dərman preparatları belə ölkəmizdə istehsal edilmir. Bu çox ciddi və strateji problemdir. Hazırda dünyada müxtəlif proseslər gedir. Pandemiya, müharibə dünyanın iqtisadi inkişafına və idxal-ixrac əməliyatlarına ciddi təsir edir. Ona görə də, təcili olaraq zərruri dərman vasitəsilərinin istehsalına başlamalıyıq. Bildiyim qədərilə bu istiqamətdə bəzi işlər görülür. Lakin bu işlərin arealı genişləndirilməli və proses daha da sürətləndirilməlidir”.

Şəbnəm Mehdizadə.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest