“Amnesty İnternational”ın HESABATI: “Qaranlıq otaqda qara pişik” AXTARIŞI

Çoxdan idi ki, “Amnesty İnternational”-dan səs-soraq yox idi. Nəhayət ki, səs gəldi. Təşkilat Qarabağda yaşlı insanların hüquqlarının pozulması haqqında 2 məruzə hazırlayıb. Birinci məruzədə “”Qutuda həyat” adlanır. Və bu hesabatda bəlkə də ilk dəfə Azərbaycan həqiqətlərinə bir qədər yer verilib. Məsələn, məruzədə deyilir: “Ermənistan qüvvələrinin mülki obyektləri məhv etməsi və vətəndaşların əmlakını müsadirə etməsi, habelə yerüstü minalardan geniş istifadəsi beynəlxalq humanitar hüquq normalarının pozuntusudur. Bu pozuntular nəinki köçkünlərin qayıtmaq hüququnu həyata keçirməsinə mane olur, həm də Azərbaycanın məcburi köçkünlərin münaqişənin əhatə etdiyi rayonlara köçürülməsi üzrə səylərinə ciddi maneə törədir”.

Bununla belə hesabatda minalanmış ərazilərlə bağlı heç bir söhbət getmir. Halbuki ərazilərin minalardan təmizlənməməsi səbəbindən bir milyona yaxın soydaşımız Qarabağa, öz dədə-baba ocaqlarına qayıda bilmir. Ermənistanın təqdim etdiyi xəritələr isə minalanmış əraziləri dəqiqliklə ifadə etmir. Məhz buna görə də ərazilərin minalardan təmizlənməsi Azərbaycanın üzərində qalır. Bu proses isə çox çətin və uzun vaxt tələb edən məsələdir.

Çox təəssüf ki, aparıcı dövlətlərlə yanaşı beynəlxalq təşkilatlar bu məsələdə prinsipial mövqe nümayiş etdirmir. O cümlədən, “Amnesty İnternational”-ın son hesabatında da bu məsələdən söhbət belə açılmır. Üstəlik, son 30 ildə işğal olunmuş ərazilərdə ermənilərin Azərbaycanın tarixi və mədəni abidələrinin dağıtması faktları ilə bir cümlə belə yoxdur.

Bu azmış kimi təşkilatın hazırladığı ikinci hesabatda Azərbaycan qərəzli şəkildə ittiham olunur. “Ən son qaçış: Dağlıq Qarabağda münaqişə zamanı yaşlı insanların məcburi köçürülməsi və onlara qarşı hərbi cinayətlər” sərlövhəli ikinci məruzədə ermənilərə qarşı “cinayətlər”dən danışılır. Guya ki, ermənilər Qarabağda dini-irqi ayrı-seçkiliyə məruz qalıb. Onlara məxsus tarixi abidələr dağıdılıb.

Bu məruzəyə göz gəzdirəndə isə bir daha əmin olursan ki, “qozbeli qəbir düzəldəcək”. “Amnesty İnternational” Azərbaycana qarşı son 25 ildə apardığı qərəzli mövqeyindən əl çəkmək fikrində deyil. Təşkilat yenə də “qaranlıq otaqda qara pişik” axtarır.

  • Çünki son 30 ildə əraziləri işğal olunan da, dədə-baba yuvalarından didərgin salınan da, mədəni-tarixi abidələri dağıdılan da azərbaycanlılardır. Lakin bu faktların hamısını ermənilərə şamil etməklə təşkilat öz sifətini gizlədə bilmir. Bu təşkilat bir faktı unudur ki, müstəqillik dövründə erməni yaşayış məntəqələri heç zaman Azərbaycan hökümətinin idarəetməsi altında olmayıb. 1991-1992-ci illərdə o vaxtkı DQMV birbaşa Moskvanın idarəçiliyi altında idi. Sonrakı illərdə isə Qarabağ və ətraf ərazilər ermənilər tərəfindən işğal edildiyi üçün Azərbaycan hökumətinin erməni yaşayış məntəqələrinə heç bir təsir imkanı olmayıb.

Ona görə də bəzi dövlətlərin təsiri altında olan “Amnesty İnternational”-nin Azərbaycan haqqında dedikləri hər zaman olduğu kimi qərəzlidir, qeyri-obyektivdir və reallıqdan çox-çox uzaqdır.

Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest