Mübariz Mənsimovu niyə söyürük-İLGİNC SƏBƏBLƏR

Etibar Məmmədovun sözü olmasın, mən demişəm, yenə də deyirəm Azərbaycanda mətbuat öz yolundan sapıb. Və yaxud sapdırılıb. Çünki, bu günkü mətbuat özünün 3 əsas -maarifçilik, xəbərçilik və əyləndirmək prinsiplərindən ən yaxşı halda ikisinin öhdəsindən gəlir. Maarifçilik ənənəsinə isə son qoyulub. Üstəlik, mətbuat obyektivlik və vicdanlılıq prinsiplərinə də xəyanət edib. Hazırkı mətbuatımız obyektivlikdən və vicdanlılıqdan çox-çox uzaqdadır.

Bunun da 2 səbəbi var. Birincisi odur ki, bizim cəmiyyətdə müstəqil mətbuat ayaqda dura bilmir. Onun iqtisadi dayanıqlılığı yoxdur. İqtisadi dayanıqlılığı olmayan mətbuatsa zorən kapitalistin pul kisəsindən asılı vəziyyətə düşür. Kapitalistin (məmurların desək daha düzgün olar) pul kisəsindən asılı mətbuatsa heç zaman vicdanlı və obyektiv ola bilməz.

Heç kimə sir deyil ki, ölkəmizdə ayaqda duran mətbuat orqanları bu və ya digər şəkildə hansısa məmura və yaxud dövlət qurumuna bağlıdır. Elementar bir fakt deyim. Son bir ildə MEDİA Agentliyi 100-dən artıq mətbu orqanına maddi dəstək olub. İlk baxışdan bu təqdir ediləsi haldır. Amma unutmayaq ki, bu həm də iqtisadi asılılıq deməkdir. Növbəti illərdə maliyyə yardımı almaq istəyən istənilən mətbu orqanı məcburdur ki, MEDİA Agentliyi ilə arasını “isti” eləsin.

Özünü qatı müxalifətçi adlandıran bəzi mətbu orqanları isə xarici missionerlərdən asılıdır.

Mətbuatımızın bu vəziyyətə düşməsinin ikinci səbəbi isə qeyri-peşəkarların mətbuata axınıdır.  Çünki, digər sahələrdə, xüsusən də dövlət qurumlarında işə düzəlmək çox çətindir. Amma mətbuatın qapıları hər kəsin üzünə açıqdır. Necə deyərlər, atasından bezən, ərindən qaçan hər kəs mətbuatda çox asanlıqla lövbər sala bilir.

Nə isə… İndi də gələk Mustafanın mıs-mısına. Yəni yuxarıdakı sətirləri yazmağa məni bir  daha vadar edən səbəbə…

Bir müddət əvvəl “Xural TV” Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimovdan aldığı müsahibəni yayımladı. Ədalət naminə deyim ki, maraqlı müsahibə idi. Nəfəs çəkmədən 2 saatlıq müsahibəyə baxdım. Xeyli maraqlı məqamları öyrəndim. Mübariz bəy 2 saatlıq müsahibədə keçdiyi həyat yoluna bir daha işıq saldı. Nigarançılıqlarını və narazı qaldığı məqamları dilə gətirdi. Amma o 2 saat ərzində bir dəfə də olsun Azərbaycan dövləti, Ölkə Başçısı və Azərbaycanın siyasi gündəmi barədə bir kəlmə də olsun ürəkbulandıran fikir səsləndirmədi. Amma son illərdə onun uğurlu karyerasına əngəl olmağa çalışan, onun Azərbaycanda və xaricdə yaşayan soydaşlarımız barədə etdiyi və etmək istədiyi xeyirxah işlərə pəl vuran bəzi məmurların adını çəkdi.

Bu da təbiidir. Bir il günahsız yerə həbs yatan və bu müddət ərzində ciddi maliyyə itkilərinə məruz qalan bir insan sizcə başqa nə deməliyidi ki?!

Mübariz Mənsimovun bu müsahibəsi əslində kimlərəsə meydan oxumaq deyil, özünü müdafiə məramlı idi.Bu adam deyir ki, “mən bir il günahsız yerə həbsdə yatdım. Və bu həbsimin də konkret sifarişçiləri var. O adamlar ki, onlar mənə qarşı haqsız mübarizədə bir çox hallarda Azərbaycan dövlətinin adından istifadə ediblər”.  

Məncə normal yanaşmadır.

Di gəlki, bu normal yanaşmaya anormal basqılar var. Müsahibənin yayımlanmasından bir neçə gün sonra  bəzi mətbu orqanları total şəkildə Mübariz Mənsimova qarşı hücuma keçdi. Bəli, bəli məhz hücuma keçdi. Çünki, kiminsə fikrinə münasibət bildirmək olar. Bu normaldır. Amma səsləndirdiyi fikilərə görə kimisə linc etmək ən azı ədalətsizlikdir. Bu ədalətsizliyinsə tək səbəbi mətbuatımızın iqtisadi asılılığıdır. Zaman-zaman kimlərdənsə və hansısa dövlət qurumundan maddi dəstək alan mətbu orqanları ağına-bozuna baxmadan Mübariz bəyi yıxıb- sürüyür. Bəziləri isə bir qədər də irəli genib onu “xalq düşməni” çıxarmağa çalışır.

Bu isə artıq qeyri-peşəkarlıqdan qaynaqlanan səbəbdir. Çünki, hansısa məmur dövləti və xılqı təmsil eləmir. O sadəcə xalqın xidmətçisidir. Xidmətçininsə işində qüsurların olması normaldır.

Məsələn, Mübariz Mənsimov dediyindən belə başa düşülür ki, onun narazı qaldığı məmurlardan biri Rövnəq Abdullayevdir. O deyir ki, “Rövnəq Abdullayev SOCAR-ın adıyla şəxsi qısqanclıq zəminində “Palmali” Holdinqi məhv etmək istəyib”.

Mübariz bəy öz fikirlərində nə qədər doğrudur onu zaman göstərəcək.

Mənsə hər iki tərəfin çıxışlarından sitatlar gətirmədən dəyərli oxucularımıza bir neçə sual vermək istəyirəm. Sizcə Azərbaycan xalqı və Azərbaycan dövləti qarşısında Mübariz Mənsimovun xidmətləri çoxdur yoxsa Rövnəq Abdullayevin? Sizcə bu iki soydaşımızdan hansı daha çox Azərbaycan dövlətinə və yaxud Azərbaycan xalqına ziyan vurub?

Nəzərə alaq ki, Rövnəq Abdullayevin iqtisadi qüdrəti Mübariz Mənsimovdan qat-qat üstündür. Di gəl ki, Mübariz Mənsimov bütün sərvətini Azərbaycandan kənarda qazanıb və qazandıqlarından az-çox öz millətinə sərf edib. Amma Rövnəq Abdullayev və onun yaxın çevrəsi nəhəng iqtisadi qüdrətə məhz Azərbaycan xalqının və dövlətinin çiyinlərində oturaraq nail olub. Bəs nail olduqlarından bu adam Azərbaycan xalqı üçün nə edib?   

Ən nəhayət… Mübariz Mənsimovu linc etməyə hazır olan qaragüruhun arxasında daha kimlər durur? Bu barədə növbəti yazıda…

Surxay Atakişiyev,

Bakuexo.az.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest