Türkiyə əcnəbilər üçün cənnətə çevrilir – Dollar 15 lirəyə yaxınlaşıb

Türkiyədə dolların bahalaşması davam edir.
Bu gün dollar/lirə məzənnəsi bir qədər də yüksələrək 14,94 həddini keçib.
Türkiyədə dolların yüksəlməsi son 2 gündə yenidən güclənib. Mayın 4-də 14,7 olan kurs iki gün ərzində 1,6 faizdən çox artıb.
Dollar/lirə kursunun yüksəlməsi ikitərəfli təsir nəticəsində baş verir. Yəni, həm qlobal səviyyədə dollar möhkəmlənir, həm də lirə zəifləyir.
ABŞ dollarının dünyanın aparıcı 6 valyutasına qarşı orta məzənnəsini göstərən Dollar İndeksi son günlərdə bir qədər də yüksələrək 99 həddindən 103-104 həddinə çatıb.
Dolların güclənməsi onun əksər valyutalara qarşı, o cümlədən lirəyə nisbətən məzənnəsinin yüksəlməsinə şərait yaradıb.
Dolların güclənməsi ilə yanaşı Türkiyənin xarici iqtisadi vəziyyətinin pisləşməsi də lirəni zəiflədir. Son aylarda Türkiyənin xarici ticarət kəsiri artdığından cari əməliyyatlarda yaranan mənfi fərq bir qədər də böyüyüb. Buna görə də lirə yalnız dollara qarşı yox, həm də digər valyutalara nisbətən ucuzlaşır. Beləliklə, həm dolların möhkəmlənməsi, həm də lirənin zəifləməsi dollar/lirə məzənnəsini yüksəldir.
Proqnozlara görə, may ayı ərzində bir dollar 15 lirə həddini keçəcək.
Qeyd edək ki, lirənin ucuzlaşması “qardaş ölkə”də yüksək bahalaşmaya səbəb olur. Amma Türkiyədən mal alan və bu ölkənin pullu xidmətlərindən, o cümlədən turizm sektorundan istifadə edənlərin xərcini azaldır. Lirənin ucuzlaşması mal və turizm xidmətlərinin dəyərinin düşməsinə səbəb olur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest