Milli Məclisin deputatı: “Dünyadakı yoxsul əhalinin 45 faizi müsəlman aləmində yaşayır”

“Ramazan paylaşmaq, başqalarına əl tutmaq və imkansızlara yardım etmək ayıdır. Hər birimizin qayğıya ehtiyacı olanlara yalnız Ramazan ayında deyil, il boyu dəstək olmağımız çox vacibdir”.

Bu sözləri deputat, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin üzvü Vüqar Bayramov bildirib.

Deputat qeyd edib ki, hazırda xeyli sayda müsəlmanlar dünyada ən kasıb insanlar sırasındadır:

“Dünya müsəlmanlarının 40 faizi yoxsulluq içərisində yaşayır. Hər beş müsəlmandan birinin gündəlik gəliri bir dollardan azdır. Qlobal təbii ehtiyatların 70 faizindən çoxuna sahib olan Müsəlman aləmində dünyadakı yoxsul əhalinin 45 faizi yaşayır. Dünya əhalisinin 25 faizini təşkil edən müsəlman ölkələrində dünyadakı hər iki yoxsul şəxsdən biri yaşayır.

Göründüyü kimi, yoxsulluq və bir sıra hallarda aclıq xeyli sayda müsəlman ölkələri üçün ən ciddi problemlərdən biridir. Müqəddəs Ramazan ayında olduğu kimi, digər zamanlarda da müsəlmanlar ehtiyacı olan insanlara yardım etməklə yoxsulluq həddini azalda bilərlər. Təbii ki, müqəddəs kitabların hamısı dinindən asılı olmayaraq, hər bir şəxsin ehtiyacı olanlara dəstək olmasını buyurur.

Bayramöncəsi ehtiyacı olanlara dəstək olacaq Fitrə zəkatınızı Allah qəbul etsin.

Allah oruc və dualarınızı qəbul etsin”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest