“Mən faşist deyiləm” – Nürnberq məhkəməsinin azad etdiyi türk

Mühacirətdə Türküstanın azadlığı uğrunda mübarizə aparan Vəli Kayyumxan 15 iyun 1904-cü ildə Daşkəndin Bıçaqcı məhəlləsində dünyaya gəlib. Mədrəsə və yeni üsulla tədris verən Nəvai məktəbində oxuyub, şair, siyasətçi Əbdürrauf Fitrətdən dərs alıb. Bu dövrlərdə “Tiken” adlı gizli cəmiyyət qurub, “Divar”, “Aydın” adlı qəzetlər nəşr edib.

Buxara Xalq Cümhuriyyəti Maarif naziri Əbdürrauf Fitrətin dövründə Qərb təcrübəsinin öyrənilməsi, Türküstanın inkişafı məqsədilə xaricə 70 tələbə göndərilib. Vəli Kayyumxan da həmin tələbələrdən biri olub. 1922-ci ildə Almaniyaya yola düşən Vəli bəy Berlin Universitetinin Ziraət fakultəsində, eyni zamanda Siyasi Elmlər Fakultəsində təhsil alıb. Türküstanın mədəniyyəti, siyasəti mövzusunda elmi iş müdafiə edən Kayyum xanın artıq qarşıdakı hədəfi tamam başqa idi: Türküstanın azadlığı uğrunda mübarizə.

Bir tərəfdən elmi araşdırmalar aparan Kayyumxan, digər tərəfdən mətbuat yolu ilə Türküstan barədə dünya ictimaiyyətini məlumatlandırıb. Türküstanda pambıqçılıq mövzusunda iki il tədqiqat aparan Kayyumxan “Yaxın Şərq” adlı jurnalda çalışıb, müxtəlif qəzetlərdə məqalələri dərc olunub.

Kayyumxan müharibə illərində

Kayyumxanın ulduzu II Dünya müharibəsi illərində parıldamağa başlayıb. Müharibənin əvvəlində Almaniyanın sürətli şəkildə SSRİ üzərinə hücumu və ardıcıl qalibiyyətləri mühacirətdəki siyasi xadimləri də “vətənləri üçün nə edə bilərlər” sualı ətrafında düşündürməyə məcbur edib. Çünki ildırımsürətli hücum nəticəsində almanlar milyonlarla Sovet əsirini ələ keçirmişdilər. Alman tarixçi Corc Fişerə görə, 1941-ci ilin noyabrından öncə almanların əlindəki toplam Sovet müharibə əsirlərinin sayı 2.053.000 idi. Şərq naziri Alfred Rozenberqin bir məktubunda isə bu say 3.600.000 olaraq qeyd olunub. Tarixçi Aleksandr Dallin 1941-ci il üçün bu sayın 3.355.000, 1942-ci il üçün isə 1.653.000 kimi təqdim edib. Müharibədə əsir düşən türküstanlıların sayı isə 400 min nəfər idi. Almanlar qısa zamanda əsirlərdən istifadə etməyə çalışdılar. Sovet əsirlərindən Sovetlərə qarşı legion quran Almaniya bu istəyinə nail oldu, nəticədə 2 dekabr 1941-ci ildə hökumət rəsmi şəkildə Türküstan, Gürcüstan, Ermənistan və Qafqaz legionlarının yaradılmasını təsdiqlədi.

Alman əsir düşərgələrində yaşayan türküstanlıların vəziyyəti ilə mühacir siyasi xadimMustafa Çokayoğlu məşğul olub. Lakin onun bu düşərgələrin birində xəstəliyə yoluxub vəfat etməsindən sonra liderlik köməkçisi Vəli Kayyumxana keçib.

Almanlar qısa zamanda milli komitələrin qurulmasına icazə verib. 1942-ci ilin mayında Türküstan Komissiyası, noyabrında isə Milli Türküstan Birlik Komitəsi qurulub. Komitənin “Milli Türküstan” jurnalı, “Yeni Türküstan” qəzeti nəşr olunub. 1944-cü ildə Vyanada Türküstan Milli Qurultayı baş tutub, 70 nəfər vəkil seçilib. Komitə sədri Kayyumxana alman rəhbərliyi təbrik ünvanlayıb. Bu qurultayda şair Çolpanın “Gözəl Türküstan” adlı şeiri milli marş kimi qəbul edilib.

Şübhəsiz ki, almanların məqsədi legionlar vasitəsilə də SSRİ-nin gücünü qırmaq idi. Lakin tərəf dəyişən müharibə əsirlərinin də məqsədi Türküstanın azadlığı uğrunda çalışmaqdı.

Müharibədə almanların məğlubiyyətindən sonra əsirlərin vəziyyəti faciəvi hal alıb. Belə ki 1945-ci ilin fevralın 4-dən 11-dək Yaltada ABŞ, Böyük Britaniya və SSRİ dövlətləri başçılarının konfransı keçirilib. Konfransda Almaniyanın gələcəyi problemi müzakirə olunub və keçmiş sovet əsgər və zabitlərinin, vətəndaşlarının sovet dövlətinə qaytarılması da razılaşdırılıb. Yalta konfransının ayrıca bir bölməsi “Müttəfıq dövlətlər arasında həmin ölkələrə aid olan hərbi əsirlər və vətəndaşların işi üzrə razılaşma” adlanıb. Yalta konfransından sonra əsirlərin SSRİ-yə verilməsi prosesi başlanıb. Avstriyada ingilislərin əsirləri ruslara təslim etməsi “Drau qətliamı” olaraq xatırlanır. Vəli Kayyumxan bu qərarlara qarşı çıxaraq Çörçill və Ruzveltə memorandum göndərsə də, nəticəsiz qalıb.

Kayyumxanın özünün vəziyyəti də müharibədən sonra çətinləşib. Təslim aktını imzalamazdan öncə Almaniya rəhbərliyi Milli Komitə başçılarının müxtəlif ölkələrə getmələri üçün gərəkli sənədlərin hazırlanmasına köməklik göstərib. Azərbaycan Milli Birlik Komitəsinin başçısı Fətəlibəyli-Düdənginski Misirə yola salınıb, Şimali Qafqaz komitəsinin sədri Əli xan Kantemir və gürcü komitəsinin sədri Kediya İsveçrəyə keçirilib. Amma Türküstan Komitəsinin rəhbəri Vəli Kayyumxan yaxın silahdaşı Baymirzə Hayitlə birgə Almaniyada qalıb, onunla bərabər Marienbad şəhərində amerikalılara təslim olub. 1945-ci ilin mayın 22-də Vəli Kayyumxan həbs edilib, Nürnberq məhkəməsinə çıxarılıb. Bu dövrdə o, bir neçə dəfə sorğu-sual edilib. Sovet təmsilçisinin kimliyi ilə bağlı sualına “Türküstanlı türk” olduğunu bildirən Kayyumxan “özbək” adlandırılmasını qəbul etməyib. Eləcə də yüksək vəzifəli alman təmsilçiləri ilə heç bir şəxsi tanışlığı olmadığını, məqsədinin əsir düşən türküstanlıların xilası olduğunu söyləyib. 1944-cü ildə Vyanada SS tərəfindən sui-qəsdə də uğradığını deyən Vəli bəy sadəcə komitə başqanı olaraq soydaşları üçün çalışdığını isbat edə bilib. Rusiya nümayəndələri onun müharibə cinayətkarı olduğunu və buna görə də SSRİ-yə qaytarılmasını tələb etsələr də, buna nail ola bilməyiblər. Kayyumxan özünü bu şəkildə müdafiə edib: “Mən almanlarla əməkdaşlıq etsəm də, bu, vətənim Türküstan üçün edilən hərəkətdi. Çünki mənim vətənim illərdir Sovetlərin qorxunc zülmü altında əzilməkdə idi. Ölkəmin azadlığı ancaq Sovetlərin məğlubiyyəti nəticəsində əldə oluna bilərdi. Ona görə də təmiz bir niyyətlə bu işə girişdim. Mən faşist deyiləm, çünki mən kimsəyə zülm etmədim. Mən yalnız vətənim azad olsun deyə mücadilə edən bir insanam. Biz sadəcə Şərq cəbhəsində müharibəyə qatıldıq, Qərb cəbhəsində iştirak etmədik”.

Beləliklə, Nürnberq məhkəməsinin nəticəsində bəlli olub ki, Kayyumxan Nasist partiyasının üzvü olmayıb, başçısı olduğu komitə yəhudi soyqırımında iştirak etməyib, əksinə komitəsində iki buxaralı yəhudi də olub. Bununla da Kayyumxan 1947-ci ildə azad edilib.

Qeyd edək ki, Kayyumxanın və digər mühacirlərin alman nümayəndələr arasında ən çox hörmət bəslədiyi və əməkdaşlıq etdiyi şəxs professor Gerhard von Mende olub. Mende türk xalqlarının tarixi ilə bağlı tədqiqatlarına görə müharibədən öncə də mühacirlərlə münasibətqurub. 1963-cü ildə Mendenin vəfatı münasibətilə Kayyumxan “Milli Türküstan” jurnalında xatirə məqaləsi qələmə alıb.

Kayyumxan Türkiyədə

Vəli Kayyumxan müharibədən sonra Milli Türküstan Birlik Komitəsini təkrar təsis edib, SSRİ əleyhinə mübarizəsini davam etdirib. O, bu müddətdə bir neçə dəfə İstanbulda və Türkiyənin başqa şəhərlərində olub.

Kayyumxanın Türkiyəyə gəlməsi türk millətçilərini də sevindirib. 1956-cı ildə türk millətçilərinin yeganə mətbu orqanı olan “Ocaq” qəzetində Kurt Tarık imzası ilə Vəli bəy üçün “Xoş gəldiniz” başlıqlı yazı dərc olunub. Məqalədən bəlli olub ki, Vəli bəy 10 gün müddətində İstanbulda qalıb, 1956-cı il mayın 25-də Ankaraya yola düşüb. Ankarada türküstanlılarla yanaşı krımlı, qafqazlı mühacirlər də onu qarşılayıb. Kayyumxan Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün məzarını ziyarət edib.

Kayyumxanın Türkiyəyə gəlməsi azərbaycanlı mühacirlərin də diqqətini çəkib. Azərbaycan Milli Birlik Komitəsinin sədri Fətəlibəylinin müavinlərindən Cabbar Ərtürk “Ocaq” qəzetində Kayyumxanın bəzi fikirlərinin yanlış olduğunu bildirməklə yanaşı müharibə dövrü ilə bağlı bunları bildirib: “Vəli Kayyumxanı şəxsən tanıyıram. 1943-1945-ci illər arasında Berlində Moskvaya qarşı savaşan Türk ellərinin komitələrindəki müştərək xidmətimiz zamanından bəri tanıyıram. Alovlu bir milliyyətpərvərdi.

Kayyumxan 1962-ci ildə “Milli yol” jurnalına verdiyi açıqlamada Türküstandakı vəziyyətlə bağlı danışıb: “Kommunizm Türküstanı qırx ildir işğal edib. Bu işğalın güclə deyil, Türküstan xalqının istəyi ilə olduğunu iddia edərək davamlı şəkildə təbliğat aparmaqdadırlar… Kommunistliyə qarşı Türküstanda getdikcə şiddətlənən bir milli dirəniş hərəkatı vardır. Ruslar bunu pantürkizm və ya panislamizm kimi adlar verərək pisləməkdədirlər… Türküstanlılar Türkiyəyə qarşı çox qüvvətli hisslərlə bağlıdırlar”.

Türküstan uğrunda bir ömür

Kayyumxan soyuq müharibə dövründə istər mətbuat, istərsə də müxtəlif səyahətləri vasitəsilə Türküstan davasını gündəmdə saxlamağa çalışıb. Bu dövrdə ona qarşı həm SSRİ, həm də müxalifətdaxili qruplardan həmlələr gəlib. 1957-ci ildə Kayyumxan Səudiyyə Ərəbistanına gedib, orada hörmətlə qarşılanıb. Sovetlər komitə sədrlərinin fəaliyyətini onlara bağışlamayıb, sonrakı illərdə sui-qəsdlər gerçəkləşdiriblər. Nəticədə Azərbaycan Komitəsinin sədri Fətəlibəyli qətlə yetirilib, Kayyumxan isə xilas ola bilib. Fətəlibəyli kimi onun da öldürülməsi üçün casus göndərilib.

Türküstan bölgəsinin yenidən azadlığa qovuşmasını, SSRİ-nin dağılmasını görən Kayyumxan ömrünün son illərində videomüsahibələr verib.

Vəli bəy 1993-cü il avqustun 13-də Düsseldorfda vəfat edib, avqustun 20-də Münxendə Valdfriedhof məzarlığının müsəlmanların basdırıldığı hissədə dəfn olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest