Rusiya Qarabağda niyə iki həftədə iki komandan dəyişdi? – SENSASİON AÇIQLAMA

“O, qanlı tərcümeyi-halı ilə məşhur idi. Laçında postları yenidən qurmağa başlamışdı. Status-kvonu qaytarmağa çalışırdı…”

Rusiya Qarabağda müvəqqəti yerləşmiş sülhməramlılarının komandanlarını son 15 gündə iki dəfə dəyişdi.

Bu dəyişiklik müxtəlif səbəblərlə izah olunur. Amma gəlin əvvəlcə, komandanların rotasiya xronologiyasına nəzər salaq: sülhməramlı kontingentin ilk komandanı Rüstəm Muradov təyin edilmişdi.

O, bu yaxınlarda missiyasını başa vurub. Muradovu Aleksey Avdeyevin əvəzləyəcəyi gözlənilirdi. Lakin qərar dəyişdi və qısa müddət ərzində bu vəzifəni general-mayor Mixail Kosobokova həvalə etdilər. Kosobokov isə separatizmin hökm sürdüyü bölgədə – Abxaziyada fəaliyyət göstərib və onun Qarabağın dağlıq ərazilərinə gətirilməsi bir o qədər xoş qarşılanmadı. Odur ki, onun missiyası çox çəkmədi, baxmayaraq ki, həm İrəvana, həm Bakıya Muradov tərəfindən təqdim olunmuşdu. İndi isə estafet Gennadi Anaşkinə keçib.

Qeyri-rəsmi məlumatlarda isə Mixail Kosobokovun geri çağırılması rəsmi Bakının onun fəaliyyətindən narazı qalması ilə izah olunur. Belə ki, sentyabrın 17-də Rusiya Müdafiə Nazirliyi erməni tərəfinə istinadən, Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəşkəsin pozulması və nəticədə Şuşa istiqamətində 2 erməni silahlısının yaralanması barədə xəbər yayıb. Azərbaycan Müdafiə Nazirliyi bu iddianı “təəssüf və təəccüb” ifadələri ilə təkzib edib. Bundan əlavə, Kosobokov Qarabağa gələndə Laçın koridorunun genişləndirilməsi və razılaşdırılmamış yeni postların qurulmasına göstəriş veribmiş.

Anaşkinə gəlincə, hərbçi həyatının böyük hissəsini Rusiyanın işğal və diversiya əməliyyatlarında iştirak etməklə keçirib. 2007-ci ildən məşhur Pskov diviziyasına rəhbərlik edən Anaşkin hətta 2008-ci ildə Cənubi Osetiya bölgəsinin işğalı və Gürcüstanın digər ərazilərinə hərbi müdaxilə zamanı törətdiyi əməllərə görə “Rusiya qəhrəmanı” adına layiq görülüb. Belə ki, onun rəhbərlik etdiyi hərbi birləşmə Qori şəhərinə hücum təşkil edərək, Vaziani hərbi bazasını ələ keçirib. Ona “qəhrəman” adı da elə buna görə verilib. Bəs Rusiyanın özü üçün bu komandan dəyişikliyinin səbəbləri nədir? Moskva Bakının giley-güzarını nəzərə alıbmı, yoxsa başqa həqiqətlər var? Ümumiyyətlə, sülhməramlıların komandanı həlledici fiqur hesab edilməlidirmi? Bəzi təhlilçilərin fikrincə, komandanlar əmir quludurlar və Moskvadan gələn təlimatları icra edirlər. Lakin bu da nəzərdən qaçırıla bilməz ki, Rusiya Azərbaycanın sülhməramlılarla bağlı hər hansı narzılığı olanda müəyyən tədbirlər həyata keçirir. İndi Anaşkinin fəaliyyətinin necə və nə qədər olacağını gözləmək qalır.

Heydər Əliyev mənə vəzifə verdi, mən isə azdım” – Qabil Hüseynli - Azinforum.az İnformasiya Portalı

Qabil Hüseynli

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Kosobokov qanlı tərcümeyi-halı ilə məşhur idi:

“O, olduğu yerlərdə güc mövqeyindən çıxış etməyə meyilliydi. Bakı bundan əvvəldən narazı idi. Kosobokov gəldiyi gündən nəfəsini dərmədən güc göstərməyə, Laçında postları yenidən qurmağa, irəliyə doğru çəkmək istiqamətində provokasion addımlar atmağa başlamışdı, o cümlədən Kosobokovdan sonra Rusiya Müdafiə Nazirliyinin saytında xəritə dəyişmişdi. Ona görə Azərbaycan igidlərinin qanı və canı hesabına dəyişən status-kvonu yenidən qaytarmağa çalışırdı, Bakı bu səbəbdən həmin komandanın dərhal geri çağırılmasına nail oldu”.

Q.Hüseynlinin fikrincə, sülhməramlıların fəaliyyəti bizi tam qane  etməsə də, reallıqlar mövcuddur: “Kremlin bölgədə maraqları var, erməniləri özünün qulbeçəsi seçməsi məlumdur. Odur ki, biz mümkün olanları əldə etmək xəttində dayanmışıq. Eyni zamanda Rusiyadan ciddi tələblərimiz var. Çox güman ki, bu ayın 29-da cənab Ərdoğan Putinlə görüşündə həmin məsələləri onun nəzərinə çatdırıb, daha korrekt, daha nizamlı addımlar atılmasına nail ola biləcək. Üstəlik, Azərbaycan da Putinlə təmasdadır. Rusiyadan silah alınması üçün müraciət etmişik. Bu da Moskvanın xoşuna gələn haldır, çünki Kreml silah ticarətində mövqeyini itirmək istəmir. Bununla Rusiya ilə strateji partnyorluq əlaqələrinin qurulmasına nail olmuşuq. Ona görə xəritəni nazirliyin saytından sildilər, komandan Kosobokov geri çağırıldı, silah alışı ilə bağlı ərizəmiz də qəbul olundu”.

Analitik hesab edir ki, Ərdoğanın Putinlə Soçi görüşündən sonra Azərbaycan-Rusiya münasibətləri daha da istiləşə, bir daha soyuqluq olmaması üçün müəyyən nəticələr əldə edilə bilər: “Həmçinin İranla münasibətlərdə xeyli dönüşə nail ola bilmişik. Bundan sonra Azərbaycanın şimal və cənub istiqamətində fəaliyyətini davam etdirməklə diplomatik sahədə yeni uğurlara imza atacaq”.

Türkiyənin bölgədə aparıcı faktora çevrilməsi rəsmi Tehranı narahat edir" - ZÜRİYƏ QARAYEVA

 Züriyə Qarayeva

Siyasi şərhçi Züriyə Qarayevanın sözlərinə görə, Rusiyanın fəaliyyətinə qarşı artıq bir neçə tərəfdən təzyiqlər var: “Həm Azərbaycan, həm Ermənistan, həm də Türkiyə tərəfdən. Son iki komandan Abxaziya və Cənubi Osetiyada xidmət göstərib. Bununla Rusiya əslində Qarabağ məsələsini də Abxaziya ilə bir tutduğunu deməyə çalışır. Üstəlik, bu generallar hər zaman Cənubi Qafqazla bağlı bölücü siyasət aparıblar.

Rusiya sözügedən bu generalları bura təyin etməkdə digər bir məqsədi generalların Cənubi Qafqazı tanıması ilə bağlı ola bilər. Ona görə ki, Rüstəm Muradov dağıstanlı olsa da, Qarabağa gəlişinə qədər Cənubi Qafqazda xidmət keçməmiş və bu regionla demək olar ki, tanış deyildi”.

Ekspert bildirir ki, Rusiyanın belə sürətli dəyişimlər etməsinin digər önəmli səbəblərindən biri də Cənubi Qafqazda öz maraqlarını təmin edə biləcək komandanlığın müəyyən edilməsidir: “Yəni həm komandan kimi verilən əmrlərin vaxtında və düzgün icrası, həm də yerli xalqların psixologiyasına bələd olması vacibdir. Nəhayət, Rusiya burada Türkiyə və Azərbaycanı də təmin edəcək addımlar atmalıdır. Görünən odur ki, Rüstəm Muradovun timsalında Rusiya bunu bacarmadı. Ona görə də dəyişiklik etmək məcburiyyətində qaldı. Rusiya yaxşı başa düşür ki, regionda Türkiyə və Azərbaycanı təmin edəcək addımlar atılmasa, onun regionda qalması məsələsi sual altına düşə bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest