22 il məhkumluq həyatı yaşayan şəxs: “Oğurlamasam, dayana bilmirəm” – FOTO

İsmayıllı şəhərində yerləşən mobil telefonların satıldığı mağazadan oğurluq edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Rayon Polis Şöbəsinə müraciət edən zərərçəkən şəxs obyektdən ümumi dəyəri 4 160 manat olan 10 ədəd mobil telefonun və 300 manata yaxın pulun oğurlandığını bildirib.

Daxil olmuş müraciətlə əlaqədar polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə bir neçə dəfə həbs olunan və ümumilikdə 22 il məhkumluq həyatı yaşayan Durar Qasımov saxlanılıb.

Saxlanılan şəxsin ətrafında davam etdirilən tədbirlərlə onun İsmayıllıda daha iki mağazadan telefon danışıq kartları, pul, ərzaq məhsulları, eləcə də Qazax və Bakı şəhərlərində bir neçə obyektdən mobil telefonlar oğurladığı məlum olub. D.Qasımov ifadəsində törətdiyi əməlləri etiraf edib, cinayət yolu ilə əldə etdiyi mobil telefonları isə respublikanın müxtəlif şəhər və rayonlarında dəyərindən dəfələrlə ucuz qiymətə satdığını bildirib.

Qeyd edək ki, telefonların bir neçəsi ondan aşkar olunaraq maddi sübut kimi götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, istintaq zamanı Durar Qasımov törətdiyi əməli etiraf edib.

D.Qasımov istintaqa verdiyi ifadəsində əməlini belə izah edib:

“Oğurlamasam, dayana bilmirəm, yaxşı ki, məni tutdunuz”.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest