20 il həbs cəzası alan şəxs: “Məni azyaşlı qızımı zorlamaqda ittiham etdilər”

Şəmkir rayonunda qətl törətməkdə təqsirləndirilən İntizam Hüseynovun məhkəmə istintaqı zamanı verdiyi ifadəsi məlum olub.

O, dindirilərkən özünü irəli sürülmüş ittihamlarla qismən, yalnız qayınanası Sədaqət İbadullayevanın ölümündə təqsirli bilib, digər ittihamlarla isə təqsirli hesab etmədiyini söyləyib.

O deyib ki, 2014-cü il tarixdə əmisi nəvəsi Mahizər Hüseynova ilə ailə həyatı qurub, həmin evlilikdən 2 övladı var:

“Əvvəllər arvadımla münasibətim yaxşı olmamışdı, münaqişəli ailəmiz vardı. Ailəmizdə olan münaqişəli vəziyyət övladımızın dünyaya gəlməsindən sonra baş verdi. Hətta Mahizərlə aramızda olan münaqişəli vəziyyət o həddə çatmışdır ki, 2018-ci ildə o, bıçaqla mənim sağ və sol nahiyəmə xəsarət yetirmişdir. Lakin sonra barışdıq, Mahizərin hamilə olması faktı ilə əlaqədar cinayət işi üzrə icraata xitam verildi.

13 iyul 2021-ci il tarixdə övladlarımı görmək üçün Mahizərin yaşadığı evə getdim. Mənim evimlə onun anasının evi arasında olan məsafə təxminən 50 metrdir. Həmin gün saat 13 radələrində övladlarıma aldığım meyvəni onlara vermək üçün Mahizərin anası evinə yollandım. Orada övladlarımı gördüm. Meyvəni verdikdən sonra kənddə yerləşən Eldənizin çay evinə getdim. Çay evində tək oturaraq bir stəkan kofe içdikdən sonra kəndin ərazisində yerləşən Qoşqarın mağazasından 1 litrlik “Coca-cola” və siqaret aldım. Yenidən Mahizərin yaşadığı evə doğru hərəkət etdim. Aldıqlarımı övladıma vermək üçün evin hasarının üstünə qoydum, arvadımı çağırdım. Bu zaman Mahizər məni təhqir etdi”.

“Məni azyaşlı qızımı zorlamaqda ittiham etdilər”

İ.Hüseynov qeyd edib ki, qayınanası S.İbadullayeva və həyat yoldaşı Mahizər Hüseynova onu əsassız yerə azyaşlı qızını zorlamaqda ittiham ediblər:

“Hətta qayınanam mənim üzümə uşağımı zorladığımı bildirdi. Buna görə məni tutduracağını, bundan sonra isə qızını məndən boşatdıracağını dedi. Bu sözlərdən sonra əsəbləşdim və yaşadığım evə gəldim. Evin yataq otağındakı çantadan xəncəri götürərək Mahizərin yaşadığı evə qayıtdım. Mən qapı bağlı olduğu üçün evin arxa hissəsindən, yəni hasardan aşaraq həyətə daxil oldum. Həyətə daxil olan zaman qayınanam Sədaqətlə qarşı-qarşıya gəldim. Sədaqət şəxsiyyətimi təhqir etdi, mənə qarşı nalayiq ifadələr işlətdi. Məndən həyəti tərk etməyimi tələb etdi. Aramızda mübahisəli vəziyyət yarandı və mən Sədaqətin şəxsiyyətimi təhqir etməsinə dözməyərək götürdüyüm xəncərlə onun sol süd vəzi nahiyəsinə doğru 1 dəfə xəsarət yetirdim. Bu zaman o, səs-küy salmağa başladı. Əlimdə olan qanlı xəncəri görən Sədaqətin gəlini Elnarə qarşıma çıxdı və qorxaraq qaçdı. Həmin vaxt yoldaşım Mahizəri də xəncərlə 2 dəfə vurdum. Bundan sonra isə baş verənləri xatırlamıram”.

Qeyd: Hadisə 2021-ci il iyul ayının 14-də Şəmkir rayonu Şiştəpə kəndi ərazisində qeydə alınıb.

Belə ki, Şəmkir rayon sakini, 1976-cı il təvəllüdlü İ.Hüseynov şəxsi münasibətlər zəminində həyat yoldaşı, 1990-cı il təvəllüdlü M.Hüseynovanı və qayınanası, 1963-cü il təvəllüdlü S.İbadullayevanı bıçaqlayıb.

Nəticədə qayınanası xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib, həyat yoldaşı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

İstintaqla zərərçəkmişin kürəkəni İ.Hüseynovun aralarında yaranan mübahisə zamanı xəncərlə xəsarət yetirərək qayınanası S.İbadullayevanı qızının gözləri qarşısında qəsdən öldürməsinə, arvadı M.Hüseynovanı, qohumu Elnarə Cəbrayıllını və azyaşlı Qərib İbadullayevi qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanan kifayət qədər sübutlar əsasında İntizam Hüseynova CM-nin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 228.1 və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Hüseynovun 20 il müddətinə azadlıqdan məhrum edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest